"Telegram" messencerinin həmtəsisçisi Pavel Durov Fransa polisi tərəfindən saxlanmazdan əvvəl köməkçisi və cangüdəni ilə birlikdə Parisin Le Burje hava limanında baqajını götürüb VIP zalına getməyi bacarıb.
Ucnoqta.az xəbər verir ki, TF1 telekanalı Durovun həbsi ilə bağlı təfərrüatları yayıb. Məlumata görə, Durov və yoldaşları Le-Burje aeroportunun VİP zonasında məskunlaşıblar və orada sənədlərin yoxlanılmasını gözləyiblər.
Sərhəd polisi zala daxil olaraq iş adamını və onu müşayiət edən şəxslərin özləri ilə gəlməsini xahiş ediblər.
Bundan sonra polis Telegram həmtəsisçisinin hüquqlarını oxuyub və ona nəzarətə götürüldüyünü bildirib.
“Durov buna inana bilmədi”, - mənbə telekanala bildirib.
TF1-in məlumatına görə, Fransa hüquq-mühafizə orqanları “bir neçə aydır” sahibkarın şəxsi təyyarəsinin hərəkətini izləyirmiş. Durovun vərdişlərini, ətrafını və gəzdiyi yerləri də öyrəniblər.
Avqustun 24-də səhər saatlarında polisə iş adamının Bakıdan Parisə uçmaq üçün qeydiyyatdan keçməsi barədə bildiriş daxil olub, bundan sonra onun həbsinə hazırlıq başlayıb.
Telekanal qeyd edib ki, həbsdə olarkən Durov müstəntiqlərlə “bəzən təkəbbürlü, bəzən isə qeyri-adi davranıb”.
TF1-in hesablamalarına görə, Durovun işi ilə bağlı istintaq bir il yarıma qədər davam edə bilər.