Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində internet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Bildirilir ki, həmin şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin nəqliyyat vasitələrinin dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdiriblər.
Daha sonra isə onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər.
Araşdırmalar zamanı saxlanılan şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub.
Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.