"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə meyxana demirəm".
Ucnoqta.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı qonaq olduğu "Həmin Zaur" verilişində deyib.
Söz xiridarı artıq meyxana söyləməyəcəyini vurğulayıb. Proqramın aparıcısı Zaur Kamalın "10 min versəm, meyxana deməyəcəksən" sualına Orxan "Yox, bitdi" cavabını verib.
O daha sonra "Söz verirəm, Rəşad Dağlı azadlığa çıxanda meyxana deyəcəm" fikrini əlavə edib.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.