ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin ölkəmizə təyinatından təxminən 4 ay keçsə də, amerikalı diplomatın həyat yoldaşı ilə birgə az qala gəzmədiyi yer qalmayıb, Lənkərandan Şəkiyə qədər hər yerdə olub, bu gün də Beşbarmaq dağından paylaşım edib. Azərbaycanda çalışan səfirlərdən heç birinin Libbi qədər ölkəmizi şimaldan cənuba, qərbdən şərqə səyahət etdiyini xatırlamıram.
Ucnoqta.az xəbər verir ki, bu barədə Atlas Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq bildirir ki, Libbinin bu səfərlərini və milli mətbəximizə verdiyi qiyməti müsbət dəyərləndiririk:
"ABŞ səfiri Şuşaya səfər edib Qarabağın qədim tarixi ilə tanış olarsa o zaman azərbaycanlıların yüksək qiymətini alacaq. ABŞ və Qərb ölkələrinin səfirlərinin Şuşaya səfər etməməsinin səbəbləri haqqında çox yazılıb. ABŞ səfirinə “Şuşaya niyə səfər etmirsiniz” sualını verdikdə yəqin Dövlət Departamentinin icazəsinin olmadığına istinad edəcək. Yəni deyəcək ki, Dövlət Departamentinin icazəsi lazımdır. Deməli, Dövlət Departamenti səfirin Şəkiyə, Lənkərana, Qubaya səfərlərinə icazə verir, Şuşaya səfərinə isə icazə vermir. Şuşanın Azərbaycanın digər şəhərlərindən fərqi nədir? Əslində səfir ölkəsinin Azərbaycanla əlaqələrinin güclənməsini istəyirsə, Şuşaya və Qarabağın digər şəhərlərinə səfərlərinin vacibliyini yazılı hesabat formasında Dövlət Departamentinə izah etməlidir. Bütün hallarda, gec və ya tez ABŞ-ın hazırki və ya gələcək səfirinin Şuşaya səfər edəcəyinin şahidi olacağıq".