Tanınmış psixoloq Samirə Bağırovanın sosial verilişlərdə iştirak etmək üçün ondan xeyli pul tələb edilməsini ictimailəşdirməsi müzakirələrə səbəb oldu.
O, "Xəzər" telekanalında Lalə Azərtaşın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin verilişi üçün isə 15-18 min manat pul tələb edildiyini açıqladı.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) reklam qarşılığında psixoloqdan pul tələb edilməsinin normal olduğunu deyib:
“Verilişlər niyə psixoloqdan pul istəməməlidir? Əgər Samirə Bağırova özünü reklam etmək istəyirsə, telekanalların ona borcu yoxdur. Psixoloq məgər camaatı havayı qəbul edir, yoxsa 1 saatına minimum 100 manat alır? Niyə efiri Samirə Bağırovaya havayı verməlidirlər? Məsələn, mən Samirənin ala gözünə, qara qaşına aşiqəm ki, onu efirimə dəvət edim? Onun qeyri-adi nə psixoloji istedadı var ki? Gəlib desə ki, mən pasiyentləri pulsuz qəbul edirəm, onda mən də deyəcəm ki, əziz tamaşaçılar, Samirə Basğırova pasiyentləri pulsuz qəbul edəcək. Amma bunu heç vaxt deməz. Əgər Samirə reklam olunub pul qazanmaq istəyirsə, niyə telekanala pul verməməlidir? Mən buna çox normal baxıram”.
Tolik qeyd edib ki, sosial verilişlərə dəvət olunan ekspertlərdən pul alınmır, lakin reklam üçün gələn həkim və psixoloqlar mütləq müəyyən məbləği ödəməlidir:
“Verilişə dəvət olunan ekspertlərdən pul alınmır. Mən 8 ay sosial veriliş aparmışam və bu 8 ayda heç bir ekspert deyə bilməz ki, məndən pul alınıb. Bəzi verilişlərdə ekspertlər də pul verir, düzdür, amma onlar nə həkim, nə də psixoloq olmur, vəkil yaxud tanınmış sima olur. Hətta elə olur ki, həmin şəxslərə telekanal özü qonorar verir. Məsələn, bəzi tanınmış simalara bu gün telekanal maaş verir. Amma həkimlərin hamısı sponsor kimi verilişlərə gedirlər. Psixoloqlar da pul verib öz psixoloji mərkəzlərini, özlərini reklam edirlər.
Bu gün “Cola” bütün dünyada tanınmış şirkətdir. Niyə Tarlkana 5-10 milyon verib reklam etdirirlər? Mən niyə psixoloqu havayı efirimdə otuzdurmalıyam?! Gəlib nə edəcək? O insanları pulsuz qəbul edəcək? Əlbəttə ki, yox. Bir qəbulu 300 manatdır, niyə telekanal ondan 18 min manat almasın ki? Telekanalların Samirənin dədəsinə borcu var?! Mən bu cür psixoloqların çoxuna inanmıram. Belə qadınlar reklam dalınca qaçırlar. Psixoloq olmaq üçün universitet bitirməlisən, əksəriyyəti bitirmir, gedib sertifikat alırlar, sonra çıxıb danışırlar. Zaur, Xoşqədəm, Lalə səni niyə havayı efirinə çağırmalıdır?! Əgər sən özünə belə güvənirsənsə, elə sosial şəbəkələrdən pasiyent cəlb et də, özün də görürsən ki, edə bilmirsən. Mən Zauru da, Xoşqədəmi də, Lalə xanımı da dəstəkləyirəm. Düz edib pul alırlar.
Samirə Bağırovaya da deyirəm ki, Xoşqədəmgil səndən 18 min istəyibsə, eybi yoxdur, gəl, mənə 10 min ver, otur verilişimdə, gör 18 minlik veriliş necə olur, 10 minlik necə olur”.