“Efirlərdə layihələrimi görmək mənə pis təsir edir”.
Bu sözləri Türkiyədə yaşayan aparıcı-aktrisa Aysel Nazim “Cebhe.info”-ya açıqlamasında deyib.
O, hazırda “Space” telekanalının rəhbəri Vado Korovinlə illər öncə arasında keçən dialoqdan bəhs edib:
“Mən illər əvvəl “ATV” telekanalında çalışanda bir neçə layihə hazırlamışdım. Lakin o zamanlar “ATV” kanalında rəhbər vəzifələrdən birində olan Vado Korovin layihəmə baxdı və rədd etdi. Mənə dedi ki, “yenə qonaq?”. Vado müəllim bütün verilişlərin qonaqlı olduğu üçün yenilik etməyin əhəmiyyətindən danışdı”.
Lakin Aysel Nazim indi “Space TV”dəki verilişlərin qonaqsız olmadığını diqqətə çatdırıb:
“Mənə qonaqsız veriliş istədiyini deyən Vado müəllimin rəhbəri olduğu “Space” telekanalında verilişlərin heç biri qonaqsız deyil. Məndən sonra neçə qonaqlı veriliş qəbul etdiyini Allah bilir. Görünən odur ki, layihələrlə bağlı ideyalar götürülür başqasına verilir.
Birincisi, qonaq olacağı üçün layihəyə rədd cavabı vermək dünyanın heç bir yerində yoxdur. İkincisi, mən hazırda öz layihələrimi “Space TV”də başqalarının təqdimatında izləyirəm. Əgər mənim layihələrim pis idisə, indi nə üçün efirdədir?”.