Şirvan-Salyan Regional Təhsil İdarəsi deputatın ittihamına CAVAB VERDİ

19:15 - 10 Dekabr 2023 - ÖLKƏ İÇİ

Millət vəkili Fəzail Ağamalı Şirvan-Salyan Regional Təhsil İdarəsini Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kərimbəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynovun Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə "vəzifə"sinə təyin olunmasına görə ittiham edib.

Ucnoqta.az xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi deputatın ittihamına münasibət bildirib.

"Millət vəkili Fəzail Ağamalı tərəfindən vətəndaş Salyan rayon sakini İbrahim Hüseynovun texniki ştat vahidi üzrə işə götürülməsi, vəzifəsinin dəyişdirilməsi ilə bağlı sosial şəbəkədə paylaşdığı məlumat Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində məlum olmuşdur ki, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin korreksiyaedici təlim ixtisası üzrə bitirmiş İbrahim Hüseynov 15.09.2021-ci ildə Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə öz xahişi və müraciəti əsasında məktəbdə texniki vəzifə üzrə işə götürülüb.

Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir müraciət etməyib.

İxtisası korreksiyaedici təlim olan İbrahim Hüseynova Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin olunmasına köməklik ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı gündən tabeçiliyində olan məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə 42 nəfər şəhid ailə üzvü ,54 qazi müxtəlif vəzifələrə işə təyin olunub.

Vakansiyalar yarandıqca növbəli şəkildə iş yerləri şəhid ailə üzvlərinə və qazi vətəndaşlarımıza təklif edilir".

Xəbər xətti