Ucnoqta.az xəbər verir ki, lent.az-ın müsahibi müğənni Manaf Ağayevdir
- Bunu iddia edirəm. Heç kim deyə bilməz ki, Manaf kimi dost ola bilərəm, heç kim dostluqda mənə çata bilməz. Mən adamın dar günündə sübut edirəm ki, dostuyam. Yaxşı günündə elə də axtarmıram. Bilirəm ki yaxşıdır. Fədayə Laçın həbs olunanda heç kim axtarmadı onu. Həbs olunduğu maddə ağır maddə idi. Ağır cinayət törətmişdi. Ona heç kömək eləmək də düzgün sayılmırdı. Mənim ona qədər Fədayə ilə elə bir dostluğum da yox idi. Məclislərdə üz-üzə gələndə salamlaşardıq sadəcə. Mən ondan ötrü özümü odun-alovun içinə atdım. Fədayə çıxandan sonra bir məclisdə mikrofonu əlinə alıb dedi ki, Manaf mənim dostum imiş bilməmişəm. Rəşad Dağlı həbs olunanda ən birinci görüşünə gedən mən oldum.
- Haqsızlıq edib tutulsa da, dalınca gedirsiniz?
- Baxır nə üstə. O telefon oğurluğu, zalımlıq edib adam öldürüb tutulubsa ,mən niyə onun dalınca düşməliyəm? Amma namus cinayəti üstündədirsə axtararam.
- Zay əməlinə görə silib atdığınız dostlarınız var?
- Niyə yoxdur? Mən tutulanda, tutulanda demək bir az yekə çıxır, baxdım gördüm ki, dost bildiklərimin çoxu adicə şəklimi qoyub pylaşmağa, bir kəlmə "keçmiş olsun" yazmağa qorxdular. Mən dövlətə xəyanət eləməmişdim ki. Bir xəta idi, ona da 15 sutkalıq həbs verildi. Məni axı sürgün də eləsələr, gəlib sənin ailənə dəstək olardım. Bir şəkil qoyub, bir status yazmağa ürkdün?
- Bu sınaqdan üzü ağ çıxan kim oldu?
- Ədalət Şükürov yanıma da gəldi, evimə də gəldi. Sənətdən kənar dostlarım çox var, onları nəzərdə tutmuram, öz camiəmizdən qorxanlar çox oldu. Həmişə onları qorumuşam. Amma gördüm ki, səhv eləmişəm. Sonra fikirləşdim ki, niyə özümü öldürürəm, onların limiti bura qədərdir, bura qədər dostluq edə bilirlər. Mən də hamını özüm kimi görmək istəyirəm. Axı hamı mən ola bilməz. Mən içəridə olanda Orxan Lökbatanlı elə səhəri gün trend olan bir meyxana demişdi. Dost bildiklərim, qoruduqlarım bunu eləmədilər. Mən pul istəmirəm, mal istəmirəm, ailəmə yaxınlaşıb bir kəlmə xoş söz də deyə bilmirdilər? Bəs 15 il alsam, nə edərdilər?
- Müğənnilər adətən özləri özlərini iki yerə bölürlər. Toy müğənniləri və yüksək sənət nümayiş etdirənlər. Bu bölgü sizi narahat edir?
- Yox. Vallah heç nəyim yoxdur. Bacı-qardaş, ailə üstümdə. Əvvəllər Rusiya toylarına çox gedirdik, günüm göydə, təyyarədə keçirdi. İndi azalıb o da. Ukraynada müharibə başlaması pis təsir etdi. Oxuyanlar da çoxalıb.
- Bu günkü Manaf olmaq üçün daha çox pul xərcləmisiniz, yoxsa zəhmət çəkmisiniz?
- Zəhmət, sonra da pul. Mən ona görə bu gün işimdən zövq qalıram. Bir qıza sponsorluq eləyirlər, 2 günə populyarlaşır. 1976-cı ildən pillə-pillə gəlmişəm. Bu il 60 yaşım olacaq. 40 ildir bu yolda zəhmət çəkirəm.
Efirə çıxmaq üçün kaset çıxartdırmaq lazım idi. Faizə pul götürüb kaset yazdırırdım. 12 mahnı olmalı idi kasetdə. Yarısının pulunu verirdim, yarısını da deyirdim işləyib verəcəm, aranjemanı nisyə etdirirdim. Qəpik-qəpik yığa-yığa kaset buraxdırırdım. Çətin günlər idi, qaçqınçılıq başlamışdı, ailənin yükü üstümdə, yataqxanada qalırdıq. Bir kaset 10 min manata başa gəlirdi. 200-300 manata toya gedirdim. Gərək bir kasetin pulunu ödəmək üçün bir il toya gedəydim. Allah mənə hər şeyi verdi, bir şeyi vermədi. Xainlik, paxıllıq nədir, onu bilmədim. Allaha and olsun, heç kimə paxıllıq etmədim. Kiminsə uğuruna sevinməmək Allahın işinə qarışmaqdı. Bəzən otururuq məclisdə. Biri deyir ki, Allah hamının ürəyinə görə versin. İçini qurd basıb, şərəfsizin biridir. A kişi sənin ürəyin var? Onda gərək Allah heç nə verməyə sənə. Allah mənim ürəyimə görə çox az verib. Heç bir müğənni mənim qədər Qarabağ üçün, şəhid, qazi, az təminatlı ailələr üçün etdiyim yardımları etməyib. 5-10 manat yox, TIR dolu yardım göndərmişəm. Havadan danışmıram, hamısının videoyazısı durur.
Yorulmuşam daha. İndi eşidən bilən hamı üstümə gəlir, arada fırıldaqçılar da çox olur. Daha o dərəcədə etmirəm, vəziyyət əvvəlki kimi deyil. Ən azından adım qalıb. Məni müğənnidən çox yaxşı oğlan kimi xatırlayacaqlar. Bu mənə bəsdi. Bəzən əsəbiləşib efirdə nəsə deyirəm, amma yandığımdan deyirəm. Manafın bu yaxşı işindən yaz da, niyə elə pis şeylər yazmalısan? Təriflə demirəm, olanı yaz. Yoxsa yazırlar Manaf öldü, Manaf qəzaya düşdü, Manafı döydülər. Vaxtım yoxdu ki, verim məhkəməyə. Reytinq xətrinə məni niyə gözdən salmağa çalışırlar?
- 60 yaş deyirsiniz, amma heç o yaşı göstərmirsiniz. Estetik əməliyyatınız var? Ümumiyyətlə kişilərin plastik əməliyyat etdirməsinə necə baxırsınız?
- Saçımı rəngləmişəm, üzümdə heç nə etdirməmişəm. Estetik əməliyyata pis baxmıram, səhnə adamı özünə fikir verməlidir. Necə olur diş töküləndə diş düzəltdiririk, burun əyridirsə kəsdirmək ayıb olur? Ehtiyac varsa etdirsinlər. Daha bizim o bəzi qadın müğənnilər kimi yox da. Arxasını yığdırır, dodağını başı boyda etdirir.
- Geyimləriniz hamıdan fərqlənir.
- Geyimlərimə həmişə xüsusi fikir verirəm. Məndə olan paltardan heç kimdə olmamalıdır. Xüsusi kostyumlar hazırladıram. Hətta əsgərlikdə olanda da paltarlarım başqalarından fərqlənirdi. Yaxşı geyinməyi sevirəm. Bir də antikvar maşınları. 2 dənə antikvar maşınım var. Türkiyədə xüsusi butiklər var ki, mənim üçün geyimlər hazırlayırlar. Geyimlərin üzərində yalnız mənə məxsus olan emblemlər, naxışlar vurulur. Xüsusi fabriklər var ki, onlardan yalnız mənə məxsus geyimlər alıram. Ancaq mənim üçün buraxılır, üstünə adım yazılır.
- Fabrik yalnız sizə tikir?
- Orda adamlar var, xahiş edirəm ki, məsələn bu, bu geyimin filan hissəsinə bu naxışı vur, filan yerini belə tik. Yaxşı parçalar gələndə özləri xəbər edirlər, sifariş verirəm, tikirlər. Onlar üçün də bu reklamdır ki, Manaf onlardan geyinir. Həm xaricə gedib seçib alıram. Mənim geyimim fərqlənməlidir.
- Belə geyinmək sizin "aləmin" tələbidir?
- Məcbursan. Sənətkarsansa seçilməlisən. Demirəm 8 minə kostyum geyinirəm. Bəzən qəpik- quruşa alıram.
- Qəpik quruş dediyiniz neçədir?
- Məsələn 50 dollara da köynək geyinirəm. Əsas bahalı olması deyil, əsas onun zövqlə seçilməsi, başqa geyimlərlə, aksessuarlarla uyğunlaşdırılmasıdır. Bir də geyinib ortaya çıxmağı bacarmaqdır. Bunu yaxşı bacarıram.