Kiberdələduzlar tərəfindən "www.pashalato. com" adı altında saxta veb-sayt yaradılıb. Dələduzlar veb-sayt vasitəsilə "PashaPay" MMC-nin adından istifadə edərək saxta lotoreya kampaniyası həyata keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.
Vətəndaşlardan saxta kampaniyada iştirak etmək üçün veb-saytda müvafiq bölməyə daxil olduqdan sonra ad,soyad,fin kod və bank kartı kimi fərdi məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.