Gürcüstanda qanuni oğrulara qarşı xüsusi əməliyyat: 18 nəfər saxlanılıb

11:58 - 15 Noyabr 2023 - HADİSƏ

Gürcüstanda polis və prokurorluq orqanları oğru dünyasının nümayəndələrinə qarşı irimiqyaslı xüsusi əməliyyat keçirib, nəticədə 18 nəfər saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Əməliyyat tədbirləri Tbilisi, Acarıstan, Quriya, Sameqrelo və Şida Kartlidə baş verib. Saxlanılanlar arasında 5 nəfər qanuni oğrulara dəstək verməkdə, 6 nəfər oğruların fəaliyyətində iştirak etməkdə şübhəli bilinir, 7 nəfər kriminal avtoritetlərə müraciət etdikləri üçün həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında yaranan maliyyə mübahisələrini həll etmək üçün Gürcüstandan kənarda yerləşən qanuni oğrular Ruslan Qeqeçkori, Tengiz Xoperiya, Ceyran Kintsuraşvili, Revaz Morçiladze və Paata Bakradze ilə əlaqə saxlayıblar. Onların tapşırığına əsasən, yerli kriminal mühitin nümayəndələri oğruların nümayişini təşkil ediblər, nəticədə mübahisə edən tərəflərdən biri rəqibə pul ödəməli olub. Qanuni oğruların göstərişlərini yerinə yetirməkdən imtina etdikdə, qarşıdurma iştirakçısı fiziki cəzalandırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər xətti