Bu şəxslərin kredit borcu silinəcək - 1.7 milyonluq qərar

21:30 - 9 Noyabr 2023 - ÖLKƏ İÇİ

2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat büdcə layihəsində yer alıb.

2019-cu ilin fevralında prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman vermişdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödənildi. O zaman vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 milyon manat güzəştli kredit verilmişdi.

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə vaxtı ötmüş kreditlərin məbləği 519.8 milyon manat olub. Bu, əvvəlki aya nisbətən 2.7 faiz azdır. Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz azalaraq 2.3 faiz təşkil edib. Xatırlanan fərmana qədər isə Azərbaycanda problemli kreditlər 1.5 milyard manatı keçmişdi.

Amma indi layihədə bəhs edilən 1.7 milyon manat bütün bu sadalananların fonunda çox cüzi məbləğ kimi görünür. Belədə o, hansı işlərə yarayar?

Mövzu ilə bağlı layihənin müəllifləri ilə danışmaq mümkün olmayıb. Amma deputat Vüqar Bayramov  Turan-a bildirib ki, əvvəlki illərdə də bu məqsədə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu: "Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunvericilikdə öz əksini tapıb".

Onun sözlərinə görə, bu, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır.

Bank faizlərinə gəlincə, deputat xatırladıb ki, Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur: 

"Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri faizləri arasında fərq mövcuddur. Aydındır ki, Azərbaycanda 12.53 faizə istehlak kreditləri cəlb etmək çox çətindir... Orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, dövlətin maliyyə sabitliyi yaratmaq və onu qorumaq kimi bir öhdəliyi var: 

"Problemli kreditlərlə bağlı nəticəni aradan qaldırmaqdansa, səbəbinin aradan qaldırmasına çalışmaq lazımdır. Problemli kreditlər nəticədir. Səbəb isə insanların gəlirlərinin aşağı olması, vətəndaşların iş yerlərini itirməsi, kredit faizlərin yüksək olması ola bilər".

Onun fikrincə, gələn il problemli kreditlərin silinməsinə 1.7 milyon manat kimi az məbləğin ayrılması onun əsgər və zabitlərə şamil olunması ilə bağlıdır: 

"19-20 sentyabrda antiterror əməliyyatından sonra şəhid ailələrinin kreditlərin silinməsi ilə bağlı bəzi banklar qərar vermişdi. Həmin 1.7 milyon manat, çox ehtimal ki, bu qərarların icrası üçün həmin banklara kompensasiya kimi veriləcək. Söhbət, çox güman ki, 300-500 nəfərin ödənilməmiş kreditlərin bağlanmasından gedir".

N.Cəfərli hesab edir ki, problemli kreditlər məsələsini həll etmək üçün kredit faizləri aşağı salınmalı, rəqabətli bank sektorunun güclənməsi ilə bağlı addımlar atılmalıdır: 

"Bu, dövlətin borcudur. Zaman-zaman problemli kreditlər məsələsi ilə qarşılaşandan sonra addımlar atmaqdansa, bunun yükünü dövlət büdcəsinin çiyninə yükləməkdənsə, əvvəlcədən elə şərait yaradılmalıdır ki, problemli kreditlər ümumi kredit portfelinin 2 faizini keçməsin. Dünyada da belə bir standart var ki, problemli kreditlərin ümumi kredit portfelində çəkisi 2-3 faiz civarında olsa, bu, idarəolunan kreditlər sayılır".

Xəbər xətti