Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir? - FOTO

13:14 - 31 Oktyabr 2023 - ÖLKƏ İÇİ

“Azərbaycanda son illərdə keçirilən böyük tədbirlər Avropa ölkələrindən gələnlərin sayına müəyyən qədər təsir edib”.

Bunu “Qaynarinfo”ya açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov Avropadan Azərbaycana gələn turistlərin sayında olan artımdan danışarkən deyib.

 

Ekspert qeyd edib ki, ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı təxminən 32% çoxdur:

“Bu gözlənilən idi. Dünyada turizm bazarı bərpa olunmaqdadır. Ümumiyyətlə, ilin yekunlarına aid beynəlxalq turizm ekspertlərinin də düşüncələrinə görə sabit şərtlər davam edərsə, təxminən turizm bazarı dünyada 95% bərpa oluna bilər. Dünyada səyahətlərin sayı artdıqca bu Azərbaycana da təsir edir. Baxmayaraq ki, quru sərhədlər bağlıdır, amma ümumi gəlişlərin sayında əvvəlki ilə müqayisədə artım qeyd olunur”.

Ekspertin fikrincə, ərəb ölkələrindən gələnlərin sayında nisbətən azalma, Avropadan gələn turistlərin sayında isə artımın səbəbləri var:

“Statistikada bu, belə görünsə də, onu qeyd eləmək lazımdır ki, ötən ilə kimi Avropa ölkələrində əslində məhdudiyyətlər var idi. Xüsusən də ərəb ölkələrindən olan turistlər Avropa ölkələrinə vizaların alınmasında daha çox çətinlik çəkirdilər. Artıq bu ildən bir çox məhdudiyyətlər aradan qaldırılıb. Xüsusən Uzaq Şərq, Asiya ölkələrindən də məhdudiyyətlər aradan qalxdığına görə, həmin ölkələrdən səyahətlərin sayı artıb. Eyni zamanda, Şərq və Orta Şərq ölkələrindən olan turistlərin əvvəlki qaydada Avropa ölkələrinə səfər etmək imkanları genişlənib. Bu məcrada Avropadan Azərbaycana gələn turistlər alternativ ölkələrə, eyni zamanda Avropaya açılan ərəb ölkələri daha çox həmin istiqamətdə səfərlərini həyata keçirib”.

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycana kifayət qədər ərəb və fars körfəzi ölkələrindən turistlər gəlir:

“Bütün bunların fonunda isə Avropadan gələn turistlərin sayında artım baş verib”.

Xəbər xətti