Qubadlı və Ağdam məktəblilərinin peşə məktəbinə ekskursiyası təşkil edildi - FOTO

10:51 - 20 Oktyabr 2023 - ÖLKƏ İÇİ

Qubadlı və Ağdam məktəblilərinin peşə təhsili müəssisəsinə ekskursiyası təşkil edilib.

Sənaye və İnnovasiyalar üzrə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə təşkil edilən ekskursiyada 32 nəfər şagird iştirak edib. Şagirdlərdən 13 nəfəri Sumqayıt şəhərində fəaliyyət göstərən Ağdam 31 saylı, 19 nəfəri isə Qubadlı rayon Qara İlyasov adına 1 saylı tam orta məktəbində təhsil alır. 

Şagirdlər Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində öyrədilən peşələr, dərs prosesi, emalatxanalarda olan şəraitlə yerində tanış ola biliblər. Peşə Təhsil Mərkəzinin müəllimləri və layihənin eksperti ayrı-ayrı peşələrin öyrədildiyi emalatxanalara baş çəkən məktəblilərə peşə məktəbində olan ixtisaslar, qəbul şərtləri ilə bağlı məlumat veriblər. 

Şagirdlər qarşısında çıxış edən Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Adil Tapdıqov bildirib ki, müasir təhsil standartlarına əsaslanan, əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlanır. 
Mərkəzin direktoru qeyd edib ki, Sumqayıt sənaye mərkəzi olduğundan hazırda şəhər ərazisində fəaliyyət göstərən istehsal müəssisələri ilə əlaqələr qurulub və şagirdlər həm təcrübəyə göndərilir, həm də gələcəkdə özlərinə iş yeri tapa bilirlər. 

Daha sonra çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verib: “Bu gün təşkil edilən ekskursiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Şərqi Zəngəzur məktəblilərinin peşə məktəblərinə ekskursiyasının təşkili ilə peşə təhsilinin təbliği” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili ilə onların peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaqla  doğru sənət seçiminə yönləndirməkdir.

Bu gün Ağdam 31 saylı və Qubadlı rayon Qara İlyasov adına 1 saylı tam orta məktəbdə təhsil alan 32 nəfər şagird Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzidə öyrədilən peşələrlə bağlı həm nəzəri məlumat alıb, həm də tədris prosesi ilə tanış ola biliblər. Ümid edirəm ki, burada gördüyünüz imkanlar gələcəkdə peçə seçiminizə təsirsiz qalmayacaq. Sizlərə verilən qovluqda layihə çərçivəsində çap edilən buklet də var. Şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi məqsədi ilə çap edilən bukletdə  təkcə bu məktəbdə deyil, ümumilikdə respublikamızda peşə təhsili, peşə təhsili müəssisələrinin mövcud potesialı, bu istiqamətdə dövlət siyasəti, respublikamızda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı məlumatlar verilib. Həmin buklet vasitəsi ilə sizi maraqlandıracaq bir çox suallara cavab tapa biləcəksiniz”.

G.Həsənova daha sonra bildirdi ki, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərə konsultasiya xidməti göstəriləcək.


Xəbər xətti