Pullu yolda maksimim sürət həddi neçə olacaq?

15:37 - 18 Oktyabr 2023 - ÖLKƏ İÇİ

Yaxın zamanda istifadəyə veriləcək Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir.

Məsələ ilə əlaqədar Baku.ws-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yolun maksimal sürət həddi 110 km/saat olacaq.

Onun sözlərinə görə, bununla bağlı bir vaxtlar rəsmi qurum tərəfindən açıqlama verilmişdi. Yolun quruluşu və keyfiyyəti də belə deməyə əsas verir ki həmin yol üçün bu sürət normaldır.

Ekspert onu da vurğuladı ki, ödənişli yolda da radar olacaq:

"İnsanlar düşünməsinlər ki, "magistral yoldur, pul vermişəm". Bunlar yanlış düşüncələrdir. Çünki həmin ərazilərdə elektron kameralar və radarlar, həmçinin elektron tərəzilər çoxdur. Müasir yol infrastukturuna uyğun cihazlar ödənişli yolda da qurulur. Sürücülərə sadəcə qaydalara əməl etmək qalır".

Xatırladaq ki, dünən ödənişli yoldan istifadə ilə bağlı tarif ictimaiyyətə təqdim olunub.

Belə ki, yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.

Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Xəbər xətti