BMT-nin insan haqları üzrə ekspertləri İsrailin işğal etdiyi Fələstin ərazilərində “beynəlxalq qoruyucu varlığın” yaradılmasına və sakinlərin qaçması üçün Qəzza zolağına humanitar dəhlizlərin açılmasına çağırıblar.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Cenevrədə yayılan bəyanatda ekspertlər prioritet hesab etdikləri tədbirləri qeyd ediblər. Xüsusilə, onlar "işğal edilmiş Fələstin ərazilərində beynəlxalq qoruyucu mövcudluğun yaradılmasını", eləcə də "insanların Qəzzanı tərk edib döyüşlər bitən kimi geri qayıtmasına imkan verəcək humanitar dəhlizlərin yaradılmasını" təklif ediblər. Digər addımlarla yanaşı, “müstəqil beynəlxalq qurum” tərəfindən nəzarət edilən atəşkəs razılaşmasının əldə edilməsi və “Həmas tərəfindən alınan girovların və İsrailin saxladığı fələstinlilərin azad edilməsinə” nail olunması təklif edilir.
Ekspertlər beynəlxalq humanitar hüququn və insan hüquqlarının, xüsusilə də yaşamaq hüququnun pozulmasına dərhal son qoymağa çağırıblar. Onlar xatırladıblar ki, hərbi əməliyyatlar kontekstində girov götürülməsi müharibə cinayətidir və HƏMAS tərəfindən tutulan girovlar dərhal azad edilməlidir. Bəyanatda İsrailin Qəzzaya ayrı-seçkilik etmədən silahlı hücumları şiddətlə pislənilib. Ekspertlər bununla bağlı xatırladıblar ki, fələstinlilər 16 ildir qeyri-qanuni blokadada yaşayırlar və artıq beş böyük amansız müharibədən keçiblər.
Bəyanatı BMT İnsan Hüquqları Şurasının 46 eksperti imzalayıb.