Almaniya Fələstinə 79 milyon avro yardım ayıracaq

17:45 - 10 Oktyabr 2023 - DÜNYA

Almaniya Xarici İşlər Nazirliyi 2023-cü ildə Fələstin ərazilərinin əhalisinə təxminən 79 milyon avro məbləğində yardım göstərəcək. Bunun təxminən 72 milyon avrosu humanitar yardımdır

Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinin məlumatlarına istinadən yazıb.

Qeyd olunur ki, vəsaitlərin böyük hissəsi artıq ödənilib. 2024-cü il üçün federal büdcə ilə bağlı danışıqlar zamanı bəzi layihələrə tərəfdaşlarla birgə baxılacaq. Məbləğin böyük hissəsi, yəni 42 milyon avro BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağının sakinlərinə ərzaq çatdırılmasına yönəldiləcək. Digər 10 milyon avro isə Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində əsasən Qəzza zolağı və İordan çayının qərb sahilinə ərzaq tədarükünə yönəldiləcək.

7 milyon avro Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq çərçivəsində ilk növbədə səhiyyəyə ayrılır. Humanitar yardımdan əlavə, 2023-cü ildə sabitləşdirmə layihələri üçün, məsələn, qanunun aliliyi və ya su və enerji infrastrukturu kimi əsas xidmətlərin göstərilməsi üçün 6 milyon avro ayrılması planlaşdırılır. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu layihələrin əksəriyyəti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və beynəlxalq qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçiriləcək.

Xəbər xətti