Şərqi Zəngəzur məktəblilərinin peşə təhsili müəssisəsinə ekskursiyası təşkil edilib.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə təşkil edilən ekskursiyada Kəlbəcər rayon 17 saylı və Füzuli rayon 47 saylı tam orta məktəblərdə təhsil alan 30 nəfər şagird iştirak edib.
“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili ilə onların peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaqla doğru sənət seçiminə yönləndirməkdir:
“Bu fəaliyyət Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Şərqi Zəngəzur məktəblilərinin peşə məktəblərinə ekskursiyasının təşkili ilə peşə təhsilinin təbliği” layihəsi çərçivəsində həyata keçirilir. Layihə işğaldan azad olunan və hazırda geniş səviyyədə quruculuq işi aparılan Şərqi Zəngəzura qayıdacaq rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin doğru sənət seçiminə yönləndirilməsi, peşə təhsilinin əhəmiyyəti,
şagirdlərin respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırılmalarına hədəflənib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya zamanı şagirdlər peşə məktəbində öyrədilən peşələrlə bağlı məlumat alıb. Həmçinin tədris müəssisəsini gəzərək mövcud şəraitlə tanış ola biliblər. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və layihə eksperti tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb. Şagirdlər həm doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlərlə əyani tanış ola biliblər”.
G.Həsənovanın sözlərinə görə, layihə çərçivəsində çap edilən buklet də şagirdlərə paylanılıb: “Şagirdlərin peşə təhsili ilə bağlı maarifləndirilməsi məqsədi ilə çap edilən bukletdə Azərbaycanda peşə təhsili, peşə təhsili müəssisələrinin mövcud potesialı, bu istiqamətdə dövlət siyasəti, respublikamızda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı məlumatlar verilib.
Hazırlanan buklet 150 nüsxə çap edilib və Abşeron, Qaradağ və Sumqayıtda fəaliyyət
göstərən işğaldan azad olunan rayonlara tabe məktəblərin VIII-IX sinif şagirdləri
arasında yayılır”.
G.Həsənovanın sözlərinə görə, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək veriləcək, onlara konsultasiya xidməti göstəriləcək.