ABŞ hakimiyyət orqanları Ekvador prezidentliyinə namizəd Fernando Villavicencionun qətlində əli olanları saxlamağa imkan verəcək məlumat üçün 5 milyon dollar ödəməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
Bildirilir ki, Birləşmiş Ştatlar Villavicencionun qətlinin ortaqlarının və ya təşkilatçılarının həbsinə və ya məhkum edilməsinə səbəb olacaq məlumatlara görə 5 milyon dollara qədər mükafat təklif edir. Əlavə edilir ki, söhbət hələlik şəxsiyyətləri müəyyən edilməmiş cinayətkarlardan gedir. ABŞ həmçinin Villavicencionun qətlinə görə məsul olan transmilli mütəşəkkil cinayətkar qrupu kimin idarə etdiyi barədə məlumat üçün 1 milyon dollara qədər pul təklif edir.
Siyasətçi avqustun 9-da Ekvadorun paytaxtında öldürülüb. Cinayətkarlar onu seçki iclasından sonra güllələyiblər. Prokurorluğun məlumatına görə, şübhəlilərdən biri ölümcül yaralanıb, daha 6 nəfər isə saxlanılıb.