Cənub regionunda aqroturizmin təşviqi ilə bağlı tədbirlər keçirilir - FOTO

16:44 - 18 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Kənd yerlərində aqroturizmin təşviqi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lənkəran rayonunda kənd təsərrüfatı subyektlərində çalışan şəxslər üçün təlim təşkil edilib.

"Şəfəq" Ekoturizm İB-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə 20 nəfər iştirak edib. Tədbirin proqramı ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə barədə geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin həyata keçirilməsinə Lənkəran şəhər İcra Hakimiyyəti təşkilati dəstək göstərib.

Birliyin idarə heyyətinin üzvü, layihə üzrə təlimçi Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması, aqroturizmdə marketinq mövzusunda məlumatları bölüşüb və fərdi tapşırıqlar əsasında potensial aqroturizm fəaliyyətinin müəyyənləşdirilməsi istiqamətində qrup işləri həyata keçirilib. 

Yekunda iştirakçılardan Seyfulla İsayev, Elnur Tağıyev, Elcan Ağayev və digərləri tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına aqroturizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd etdilər. Yekununda təlim proqramında sonadək iştirak edən iştirakçılara layihənin sertifikatı təqdim edilib. 

Məlumat üçün bildiririk ki, növbəti silsilə təlimlər 2023-cü ilin sentyabr ayının sonunadək Masallı, Astara, Lerik və Yardımlı rayonlarında həyata keçirilməsi nəzərdə tutulub. Təlim proqramı yekunlaşdıqdan sonra qeyd olunan 5 rayondan müəyyən edilən kənd təsərrüfatı sahibkarlıq subyektlərini təmsil edən 17 nəfər üçün Lənkəran rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərində təcrübə mübadiləsi təşkil ediləcək.

Qeyd edək ki, Layihənin məqsədi kənd yerlərində aqroturizm sahəsində maarifləndirmə işi aparmaq, müsbət təcrübənin öyrənilməsini təşkil etmək və tətbiqi imkanlarını stimullaşdırmaqla aqroturizmin inkişafına kömək olamqdan ibarətdir.


Xəbər xətti