"Türkiyədə həkim elə söz dedi ki, ..."

17:01 - 13 Sentyabr 2023 - MAQAZİN

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti stabildir.

Bu barədə Oxu.Az-a tanınmış aktrisanın özü məlumat verib.

Aktrisa psixoloji cəhətdən çökdüyünü qeyd edib:

“Mənim problemim ayağım ilə bağlıdır. Bir neçə il öncə çəkiliş zamanı ayağım sınmışdı. Mənə çox əziyyət verdi. Son 4-5 ay idi ki, topuq hissəmdə ağrılar var idi. Travmadan qalan ağrılarım səngimirdi. Artıq ağrılara dözə bilmirdim. Bakıda müalicə olundum. Lakin bir xeyri olmadı. Türkiyəyə yollandım. Orada həkim elə sözlər dedi ki, mən psixoloji cəhətdən çökdüm.

Həkim dedi ki, “ayağının aşağı hissəsi əməliyyat ilə dondurulmalıdır. Ayaq həmin vaxt hərəkətdə olmur. Dedim ki, “siz nə danışırsınız?” Mən aktrisayam. Əməliyyat oluna bilmərəm. Həkimlərə etirazımı bildirdim. İki dəfə həkim mənə eyni sözləri dedi”.

N.Allahverdiyeva ayağının İsraildə əməliyyatsız müalicə ola biləcəyini əlavə edib:

“Hazırda Bakıdayam. Yenə ağrılarım keçmir. Ağrıkəsicilər artıq sinirlərimə toxunur. Tamaşalarım var. Tamaşalarda oynamağa məcburam. Hamısı hərəkətlidir. Bir qədər hərəkət olan kimi ağrılar olur. Araşdırma apardım. Məlum oldu ki, İsraildə yaxşı həkimlər var. Əməliyyatsız müalicə oluna bilərəm. Lakin getməyə imkan yoxdur. Diaqnoz tam olaraq qoyulmayıb. Travma ilə əlaqəlidir. Ancaq hərəkətsiz qalmalı olduğumu bildirdilər. Başqa çarə yoxdur. Ümidim Allahadır”.

Xatırladaq ki, aktrisa Naibə Allahverdiyeva sosial şəbəkədə səhhətində ciddi problem yaranması ilə bağlı məlumat paylaşıb. Məlum olub ki, müalicə üçün Türkiyəyə yollanıb.

Xəbər xətti