İsrail yəhudi dövlətinin mövcudluğuna təhlükə yarada biləcək Rusiyanın qabaqcıl silahlarının İrana mümkün tədarükündən narahatdır.
Ucnoqta.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu Mossad-ın direktoru Devid Barnea Reyxman Universitetində Antiterror Siyasəti İnstitutunun illik konfransında deyib.
Onun sözlərinə görə, son bir il ərzində kəşfiyyat agentlikləri İranın xaricdə yəhudilərə və israillilərə qarşı 27 hücumunun qarşısını alıb ki, bu da “əhəmiyyətli” artımdır. Lakin bununla yanaşı, yeni təhlükə yaranır: İran Rusiyanı yaxın və uzaq mənzilli raketlərlə təmin etmək niyyətindədir və bunun müqabilində Rusiya silahlarını ala bilər.
Mossad rəhbəri iddia edir ki, İranın əvvəllər Rusiyaya raket vermək cəhdlərinin qarşısı alınıb.
"Mən hiss edirəm ki, yaxın gələcəkdə başqa sövdələşmələr də baş tutacaq. Biz qorxuruq ki, ruslar iranlılara çatışmayan şeylərin müqabilində bizim əmin-amanlığımızı və bəlkə də buradakı mövcudluğumuzu təhdid edəcək qabaqcıl silahlar verəcəklər", - Barnea deyib.
O, xəbərdarlıq edib ki, əgər İran xaricdə və ya İsrailin özündə israillilərə və yəhudilərə əhəmiyyətli zərər vurmağa nail olarsa, bu, bu hərəkətlərə görə məsuliyyət daşıyan iranlılara qarşı aktiv fəaliyyətə səbəb olacaq. Xüsusilə, cavab zərbələri “İranın ürəyində, Tehranda” verilə bilər.