Sertifikasiya prosesinin sosial tərəflərinin qiymətləndirilməsinə ehtiyac var - Deputat

10:28 - 5 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Son sertifikasiya imtahanında uğur qazana bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam veriləcək. Həmin yerlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən vakansiya elan ediləcək.

Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, təbii ki, təhsil sahəsində aparılan islahatlara uyğun olaraq nazirlik tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk:

"Bununla yanaşı, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var.

Nazirlik təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin işlə təminatını istisna etmir. Ancaq daha yaxşı olar ki, sertifikasiya nəticlərinin sosial risk təhlili aparılsın. Yəni, sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir. Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılması məqsədəuyğundur.

137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır. Buna görə də, prosesin sosial tərəflərinin diqqətdə saxlanılıb bu istiqamətdə də addımların atılmasına ehtiyac var".

Xəbər xətti