İmişlidə şəhid bulağına sayğac qoyuldu - VİDEO

11:48 - 30 Avqust 2023 - ÖLKƏ İÇİ

İmişli rayonunda şəhid bulağına sayğac quraşdırılıb. İddia olunur ki, bu haqda İmişli rayon İcra Hakimiyyəti əmr verib.

Ucnoqta.az xəbər verir ki, məlumatı tanınmış televiziya aparıcısı Amil Xəlil verib. Hadisə barədə paylaşım edən aparıcı bunu rəzalət adlandırıb:

"Hadisə İmişli rayonunda baş verib. İnanıram ki, Bakıdakı baş ofislərin hadisədən məlumatı yoxdur. Belə ki, şəhid qardaşımız Mayıl Qurbanovun adına anası bulaq hazırladıb, məzarını yeniləyib. Bulaq üçün təbii ki, su lazımdır. Ana da bunun üçün aidiyyəti orqanlara müraciət edib. Həm su idarəsi, həm də işıq idarəsi ananın istəyini yerinə yetirir, bulağa həm su verilir, həm də ətrafına işıq çəkilir. Lakin ana bu zaman həyatının şokunu yaşayır, məlum olur ki, həm işığa, həm də suya görə sayğac quraşdırılıb. Rəzalətə, biabırçılığa baxın!

İşıq idarəsində, su idarəsində bir məmur yox idimi ki, desin aylıq gələn pulu özüm ödəyərəm, çünki şəhid mənim yolumda canından keçib. Necə anaya aparıb sayğac kartını verə bilmisiniz?! Anaya necə demək olar ki, buyur bu da mənim uğrumda döyüşüb həyatını itirən övladının sayğacının kartı... Vallah, bu, biabırçılıqdır".

A.Xəlil heç bir şəhid bulağında sayğacın olmadığını bildirib və bu işdə əli olanların cəzalandırılmasını tələb edib:

"Mən maraqlanmışam, heç bir şəhid bulağında sayğac yoxdur. Fikrimcə, aidiyyəti qurumların vəzifəli şəxslərinin bundan xəbəri yoxdur. Çünki şəhid adı verilən bütün küçələr pulsuz işıqlandırılır. Bu məsələdə əli olan şəxslər, İmişlidə  imza atıb sayğacı yerləşdirənlər cəzalandırılmalıdır yaxud valideyndən üzr istənməlidir. İnanıram ki, məsələ həllini tapacaq".

///yenisabh

Xəbər xətti