Zabux kəndində qısa zamanda inanılmaz quruculuq işləri görülüb

14:02 - 25 Avqust 2023 - ÖLKƏ İÇİ

Laçın şəhəri 2022-ci ilin avqustun 26-da Azərbaycanın nəzarətinə keçəndən sonra dövlət başçısının göstərişinə əsasən, burada quruculuq işlərinə start verdik. Təxminən 3 aydan sonra buraya gəldik, quruculuq, abdalıq işlərinə başladıq.

Bunu Laçının Zabux kəndində APA-nın Qarabağ bürosuna açıqlamasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov deyib.

Onun sözlərinə görə, Zabuxda əvvəlcə planlama, ardınca tikinti-quruculuq işlərinə başlanıb. 81 hektar ərazidə 223 evdən ibarət kənd salınıb. 223 evin 53-ü iki otaqlı, 116-sı 3 otaqlı, 28-i 4 otaqlı, 26-sı 5 otaqlıdır: ”Həmçinin bir uşaq bağçası, 50 yerlik, inzibati bina, tibb məntəqəsi və gördüyünüz bu gözəl böyük ərazidə yerləşdirilmiş park və sair salınıb. 3 aşırımlı, 73 metr uzunluğunda körpü tikilib. Bunların hamısı 5 ayın içində başa gəlib. İlk baxışda bu, bir qədər inandırıcı görünmür. Amma bu, reallıqdır. Qısa zamanda quruculuq işləri bu qədər peşəkarlıqla görülüb. Burada çalışanlar Vətən sevgisini, torpaq həsrətini gördükləri işlərdə fədakarlıqları ilə büruzə verirlər”.

Qeyd edək ki, bu gün Laçının Zabux kəndinə ilk köç yola salınıb. İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin köçü həyata keçirilib.

Sözügedən ailələr üçün yola salınma mərasimi Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dəki məktəbin qarşısında baş tutub.

Xatırladaq ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər xətti