Azərbaycanın idxal etdiyi buğdanın ucuzlaşması ölkəmizdə un və çörək qiymətlərinin aşağı düşməsinə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, 2023-cü ilin martından başlayaraq bu məhsulların dəyərində tədricən enmə müşahidə edilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, buğda ununun bir kiloqramının orta qiyməti fevralda 1,59 manat olduqdan sonra martda 1,58 manata, iyunda 1,56 manata, iyulda 1,54 manata düşüb.
Unun ucuzlaşması buğda çörəyinin qiymətinin də enməsinə səbəb olub. Buğda çörəyinin bir kiloqramının qiyməti fevralda 1,34 manata yüksəldikdən sonra iyunda 1,3 manata, iyulda 1,27 manata qədər azalıb.
Əhalinin daha çox hissəsinin istehlak etdiyi 600 qramlıq dairəvi çörəyin (“zavod” çörəyi) qiyməti hazırda 60 qəpikdir. Bu ilin əvvəlində dairəvi çörəyin qiyməti 70 qəpiyə yüksəlmişdi.
Ucuzlaşma əlaməti çovdar və qarışıq undan bişirilən çörəklərdə, həmçinin lavaşda da qeydə alınıb. Lakin bu növ çörəklərdə ucuzlaşma buğda unundan bişirilən çörəkdə olduğu qədər yüksək olmayıb.