"Təqdirəlayiq hal odur ki, Dövlət Statistika Komitəsi baza məlumatlatını anlamlı şəkildə açıqlayır. Və bunun sayəsində bilinir ki, yerdən çıxartdığımız qaz necə bölünür".
Ucnoqta.az xəbər verir ki, bunu iqtisadçı ekspert İlham Şaban deyib. İlham Şaban bildirir ki, bəs qaz statistikamızda anlaşılmayan nədir? Onun yığımı və necə bölüşdürülməsi ilə bağlı informasiyaların kasadlığı və ya heç olmaması:
"Məsələn, bir neçə misal çəkim: ümumi itkilər yarım ildə 272,6 mln m3 olub. Amma biz bilmirik ki,onun itkisinin strukturu necədir, yəni nəqldə, ya paylanmada? Mənim bildiyimə görə, kommersiya strukturu vahidinin qaz borcunu xeyli müddət ödəmədiyi halda bu da itkiyə hesablanır. “Azəriqaz” heç özünün istehlakçılarının istifadə etdiyi qazın həcmlərini mütəmadi açıqlamır (epizodik olur), adətən olanda əhali qrupunu təşkil edir. O cür də “Azərişıq” məlumat yayır.
Qazın yeraltı anbarlara vurulmasının başlanğıcı, başa çatması, aralıq dövrdə istifadəsinə dair də SOCAR məlumatları ictimailəşdirmir. Baxmayaraq ki, Avropada bu həftəlik formada edilir. Bəs biz özümüzün qaz statistikamızı niyə Avropa standartlarına yaxınlaşdırmırıq? Axı XXİ əsr boyu əsas ixracımız Avropaya qaz üzərində olmalıdır?
Başqa bir məsələ nədir? Bu il qış mülayim, yayın 2 ayı isə xeyli sərin keçdi. Məntiqlə, enerji istehlakı, istər qaz olsun, istər elektrik enerjisi azalmalıdır. Bizdə isə bütün seqmentlərd ARTIM müşahidə edilir və hökumət qurumları teleqram kanallarındakı paylaşımlarında bunu fəxrlə təqdim edirlər.
Mənim qənaətimcə isə, bütün bunlar ölkə iqyisadiyyatının ENERJİ TUTUMLUĞU baxımdan qeyri-səmərəliliyinin nəticəsidir. Dövlət başçısı çıxışlarında bir neçə dəfə enerji səmərəliliyinin artırılmasına çağırış edib. Amma görünür ki, praktikada buna əməl etmək hələ asan başa gəlmir".