Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
DYP-dnə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən havanın temperaturunun ötən günlərlə müqayisədə artacağı, xüsusilə Abşeron yarımadasının həftənin sonunadək isti hava dalğasının təsiri altında olacağı gözlənilir.
Bildirilib ki, mütəxəssislərin də qeyd etdiyi kimi, havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik və süstlük hissi yaradır. Bu da uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırıb.
Sərnişinlərində isti havalarda sürücünün əhvali-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunub.