Karantin zamanı yazılan cərimələr qaytarılacaq?

11:01 - 6 Avqust 2023 - ÖLKƏ İÇİ

Türkiyədə koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən inzibati tənbeh tədbirləri çərçivəsində toplanan cərimələr geri qaytarılacaq.

Xəzinə və Maliyyə Nazirliyinin Vergi Dairəsi Müdirliyinə təqdim ediləcək ərizə forması "Rəsmi Qəzet"də dərc olunub. 

Koronavirus epidemiyasının ilk müşahidə olunduğu 11 mart 2020-ci il tarixindən 9 noyabr 2022-ci il tarixinədək olan müddətdə yığılan cərimələrin ləğv edildiyi bildirilib.

Müvafiq olaraq, ödənilmiş cərimələr inzibati quruma 31 dekabr 2024-cü ilə qədər ediləcək müraciətdən sonra Xəzinə və Maliyyə Nazirliyi tərəfindən müəyyən ediləcək prosedur və prinsiplərə uyğun olaraq geri qaytarılacaq.

Qeyd edək ki, digər ölkələr kimi Azərbaycanda da pandemiya zamanı bir sıra inzibati tədbirlər tətbiq edilmişdi. Vətəndaşların bir çox həmin cərimələri ödəsə də, az miqdarda da olsa belə, ödənilməmiş cərimələr var.

Bəs ölkəmizdə həmin dövrdə tətbiq edilmiş cərimələrin geri qaytarılması mümkündürmü?

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya bildirdi ki, Azərbaycanda koronavirusla bağlı hansı cərimələr varsa, bunlar mütləq həllini tapmalıdır: 

"Ancaq geri qaytarmaq bir qədər fərqli anlayış yarada bilər. Kimin cəriməsi varsa, inzibati qaydada cəza tətbiq olunubsa, onların əfv edilməsi daha doğrudur. Yəni burada bir dolaşıqlıq yaratmağa ehtiyac yoxdur.

Çünki bizdə bu cərimələrin miqdarı da böyük deyil. Müəyyən kateqoriyalı olan insanlar cərimələrə məruz qalıblar. Onlar da xəstəliyə qarşı mübarizədə nəzərdə tutulan addımların atılması istiqamətində nəzərdə tutulan qadağalarla bağlı idi. 

Ancaq kimin ki, ödənməmiş cəriməsi varsa, onların əfv edilməsi lazımdır. Çünki artıq proses arxada qalıb və bir təhlükə riski də gündəmdən çıxıb. Bunu etmək vacibdir".

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, Türkiyədə pandemiya zamanı yığılan cərimələrin geri qaytarılacağını, seçkilərdən öncə, həm Türkiyənin hakim partiyası AKP, həm də müxalifət qalib gəlsələr belə bir adddım atacaqlarına söz vermişdilər: 

"İndi seçkilər zamanı verilmiş sözün tutulmasının şahidi oluruq. Bu seçki institutunun nə qədər vacib olduğunu, seçicilərə xoş olması üçün siyasətçilərin addım atdığının göstəricisidir.

Hazırda Azərbaycanın maliyyə imkanları kifayət qədərdir. Ancaq hökumətin belə bir addım atacağını düşünmürəm. Çünki belə bir söz verməyib. Ancaq belə bir addım ata bilər. Çünki büdcəni artırırlar. Gəlirləri ötən ilə nisbətən artır. İstəsələr bunu edə bilərlər. Ancaq edəcəklərinə şübhə ilə yanaşıram".

İqtisadçı-ekspert Razi Abbasbəyli isə deyi ki, Türkiyədə koronavirus infeksiyası zamanı tətbiq edilən karantin şərtlərinə uyğun olaraq cərimələr vardı və kifayət qədər böyük cərimələrdən söhbət gedirdi: 

"Təxminən 4-5 ay bundan öncə bu məsələ müzakirə olunurdu. Karantin dövründə tətbiq edilən cərimələrin vətəndaşlara geri qaytarılması məsələsi qaldırılmışdı.

Bu bütün siyasi çevrələrdə müzakirə olunmuşdu. Hökumətin seçki öncəsi verdiyi vədlərdən biri də bu idi ki, karantin dövründə tətbiq edilən cərimələr hesablanaraq vətəndaşlara geri ödənəcək. Bu məsələ yaxın günlərdə qanun kimi tətbiq olunacaq. 

Azərbaycanda sərt karantin dövründə tətbiq edilən cərimələrin geri ödənməsi məsələsi nəinki müzakirə olunur, əksinə oktyabrın 2-dək karantin rejimi saxlanılır. 

Karantin rejimi saxlanılırsa, bir sıra cərimələr olmasa da, bu rejimin müvafiq tələbləri var. Bu tələblərə uyğun da hər kəs hərəkət etməlidir. Yəni bütün dünyada karantin rejimi ləğv edilib və karantin dövründə vətəndaşlara dəymiş ziyan hesablanıb geri ödənməsi məsələsi müzakirə olunur. O ölkələrdəki karantin rejimi ləğv edilib.

Azərbaycanda isə hələlik COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimi ləğv edilməyib. İlk olaraq karantin rejimi ləğv edilməlidir. Dünyanın bir sıra ölkələrində hökumətlər postpandemiya dövrü üçün həm vətəndaşlara, həm də sahibkarlara dəymiş ziyanla bağlı yeni proqramlar həyata keçirirlər. Dəstək, reabilitasiya proqramları, maliyyə və kredit dəstəyi halında ki, iqtisadiyyatlar özlərini bərpa proseslərini daha sürətlə keçsinlər. 

Azərbaycanda bunların heç biri nəzərdə tutulmayıb. Nə karantin rejimi bitib, nə də postpandemiya dövrü üçün vətəndaşların, kiçik və orta sahibkarların   reabilitasiyası ilə bağlı heç bir proqram, təşəbbüslər mövcud deyil. 

Ona görə də bu gün ölkədə karantin rejimi dövründə tətbiq edilən cərimələrin geri ödənəcəyi məsələsini müzakirə etmək məncə yersizdir".

Xəbər xətti