I və IV ixtisas qrupları üzrə qəbul nəticələri AÇIQLADI

13:59 - 4 Avqust 2023 - ÖLKƏ İÇİ

I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən Ucnoqta.az-a verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27200 abituriyentdən (I qrup üzrə 22447 nəfər, IV qrup üzrə 4753 nəfər) 747 nəfəri (I qrup üzrə 648 nəfər, IV qrup üzrə 99 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər –Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin və Kürdəmir rayon 2 saylı şəhər orta məktəbinin məzunları göstəriblər. I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhər 169 saylı orta məktəbinin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 baldır.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 8 avqust 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6 avqust saat 10:00-dan 8 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Ali təhsil müəssiələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrlar) ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.

Xəbər xətti