“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq üçün yeni layihənin icrasına başlayıb.
“Şərqi Zəngəzur məktəblilərinin peşə məktəblərinə ekskursiyasının təşkili ilə peşə təhsilinin təbliği” layihəsi çərçivəsində Abşeron, Sumqayıt və Qaradağ rayonunda fəaliyyət göstərən işğaldan azad olunan rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin peşə məktəblərinə ekskursiyası təşkil ediləcək.
“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili ilə onların peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaqla doğru sənət seçiminə yönləndirməkdir: “Layihə işğaldan azad olunan və hazırda geniş səviyyədə quruculuq işi aparılan Şərqi Zəngəzura qayıdacaq rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin doğru sənət seçiminə yönləndirilməsi, peşə təhsilinin əhəmiyyəti, şagirdlərin respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırılmalarına hədəflənib.
Şagirdlərin maarifləndirilməsi məqsədi ilə Azərbaycanda peşə təhsili, peşə təhsili müəssisələrinin mövcud potesialı, bu istiqamətdə dövlət siyasəti, respublikamızda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı məlumatların əks olunduğu buklet hazırlanacaq. Hazırlanan buklet Abşeron, Qaradağ və Sumqayıtda fəaliyyət göstərən işğaldan azad olunan rayonlara tabe məktəblərin VIII-IX sinif şagirdləri arasında yayılacaq. Həmçinin layihənin icra olunduğu hər rayonda - bir dəfə olmaqla VIII və IX sinif şagirdlərinin peşə məktəblərinə ekskursiyası təşkil ediləcək.
Şagirdlər həm doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı bilgiləndiriləcək, həm də peşə məktəblərindəki təhsillə əyani tanış ola biləcəklər”.
G.Həsənovanın sözlərinə görə, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək veriləcək, onlara konsultasiya xidməti göstəriləcək.