İyulun 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək.
İyulun 17-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 17-də gündüz 22-27° isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 ms/, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.