Şəkidə 5 gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb.
APA-nın məlumatına görə, Şəkidə baş vermiş partlayış zamanı müxtəlif dərəcəli ağır termiki yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəki rayonu Aşağı Göynük kənd sakini Şəlalə Nəsib qızı Yusifova bu gün müalicə aldığı Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub partlayış zamanı Ş. Yusifova və onun iki azyaşlı ovladı 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri almışdır. Elə həmin gün yaralılar Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyasını dəyişmişdi.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.