Azərbaycan müstəqilliyinin ilk illərində yalnız dövlət suverenliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, maliyyə, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı.
1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsas maliyyə dayaqlarını sarsıtmış, əhalinin maddi və sosial vəziyyəti ağırlaşmışdı. Ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı.
Həyata keçirilən qətiyyətli islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı
1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlandı. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu. İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Beləliklə bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı.
Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.
Heydər Əliyev respublikada aqrar islahatın hüquqi bazasını yaratdı
1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun- uzadı mübahisələrə və müzakirələrə son qoyuldu.
Heydər Əliyev respublikada aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq icarəsi haqqında” qanunlar təsdiq edildi. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Torpaq Məcəlləsi”, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının 7 may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı. Azərbaycanda torpaqlar məhz onun təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla, yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.
1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasına, kəndin simasınının dəyişdirilməsinə ciddi təsir göstərdi.
Azərbaycanın ərzaq təhlükəsizliyi Proqramı qəbul olundu
1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinə başlanan ərzaq proqramı isə kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəldi. 2001-ci ildə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" qəbul olundu.
1999-cu ildə taxıl istehsalı 1 milyon 98,3 min ton, kartof 394,1 min ton, tərəvəz 670,8 min ton bostan bitkiləri 206,3 min ton, meyvə 436,5 min tona çatdırıldı.
Bu mərhələdə önəmli addımlardan biri də dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su istifadə halları ilə mübarizənin genişləndirilməsi idi. Bu məqsədlə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalandı. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük verdi, səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sistemi tətbiq oldu.
Sahibkarlığın inkişafına mane olan əngəllər aradan qaldırıldı
2002-ci ildə sahibkarlığın inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel – may aylarında keçirdiyi görüşləri diqqəti çəkdi. Bu görüşlərdə sahibkarlığın inkişaf yolları araşdırıldı, inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirildi.
Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» Azərbaycanın sosial-iqtisadi inkişafına böyük təkan verdi. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparıldı. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli fərman ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilərək lisenziyaların müddəti uzadıldı. "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)" isə aqrar sektorun inkişafında mühüm rol oynadı.
Həyata keçirilən siyasət isə çox tez bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb oldu. Bunlar həyata keçirilən iqtisadi siyasətin nəticəsi idi.
Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev Azərbaycanın iqtisadi strategiyasının əsasını qoyub.
Emin Nəbili
Yazı İqtisadiyyat Nazirliyinin “Heydər Əliyev İli” ilə əlaqədar media nümayəndələri arasında elan etdiyi “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.