Salyanda 16 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur

15:13 - 18 May 2023 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. 

Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Layihə üzrə işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolların eni 8.5-9 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

5.5 km hissəsi yararsız asfalt, 27.5 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır.

Artıq sadalanan işlər  layihənin 4 km uzunluğa malik Boranıkənd hissəsində yekunlaşıb. Ardıcıllığa uyğun olaraq hazırda bu hissədə yol əsasının tikintisi icra olunur. Sözügedən yolun 2 km-lik hissəsində əsasın alt qatı artıq inşa edilib. 

Layihənin ümumi uzunluğu 3 km təşkil edən Dayıkənd və Sarvan kəndləri hissələrində torpaq işləri, yararsız qruntun qazılması, torpaq yatağının genişləndirilməsi işləri davam edir. 2.5 km uzunluğa malik Şorsulu kəndi hissəsində isə qazıntı işləri icra olunur. 

Layihə üzrə kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. 

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və avtobus  dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Xəbər xətti