Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılışı olub

14:52 - 18 May 2023 - ÖLKƏ İÇİ

Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi olub.

“Report” məlumat verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub.

Tədbirdə məlumat verilib ki, Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.

Naxçıvanda “ASAN xidmət” mərkəzi isə ümumilikdə respublika üzrə 26-cı mərkəzdir.

Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.

“ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb.

“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7 ünvanında inşa edilib. Ümumilikdə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulub.

Mərkəzin daxilində vətəndaşların istirahəti üçün “ASAN kafe” fəaliyyət göstərəcək.

“ASAN xidmət” mərkəzinin ərazisində 50 avtomobil üçün parklama yeri yaradılıb.

Xəbər xətti