Azərbaycanda ətin qiyməti yenidən qalxacaq

14:51 - 16 May 2023 - ÖLKƏ İÇİ

“Bu gün kənd yerlərində insanlar heyvandarlıqla məşğul ola bilmir. Çünki örüş sahələri çox azdır. Bəzi bölgələrdə demək olar ki, yox səviyyəsindədir. Heyvandarlıq üçün gərəkli olan örüş yerlərində pambıq sahələri salınıb. Pambıqçılıq da lazımlı sahədir. O da olmalıdır. Lakin bir sahəni dirçəltmək üçün başqa bir sahəni məhv etmək olmaz. Mal-qara, ətlik heyvanların sayının azalması, ətin qiymətinin qalxmasına gətirib çıxarır. Qıtlıq olanda bahalaşma olur. Bu nəzərə alınmalıdır. Böyük ehtimal ki, payıza doğru mal və qoyun ətinin qiyməti qalxacaq”.

Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, heyvandarlığın inkişafı üçün örüş yerlərinin olması başlıca şərtdir. Bu səbəbdən də bölgələrdə örüş yerləri üçün sahələr saxlanılmalıdır:

“İşğaldan azad olunan ərazilərin heyvandarlıq potensialı çox yüksəkdir. Bu ərazilərdə kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı üçün münbit şərait var. Minalanmış ərazilər tamamilə təmizləndikdən sonra bu ərazilərdə də örüş üçün yerlər ayrılmalıdır. Ət və ət məhsullarına olan tələbatın ödənilməsi və qiymət artımının qarşısını almaq üçün ölkədə heyvandarlıq daha da inkişaf etdirilməlidir”.

Xəbər xətti