“H.Əliyev  müstəqil  Azərbaycanın  memarı  və qurucusudur”  mövzusunda  konfrans  keçirilib

09:34 - 6 May 2023 - ÖLKƏ İÇİ

Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına tam orta  məktəbdə ümummilli liderimiz H.Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “H.Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.

Ucnoqta.az xəbər verir ki, konfransdan əvvəl məktəbin müəllim və şagird kollektivlərinin nümayəndələri  H.Əliyevin  Oğuz şəhərindəki heykəlinin və məktəbdə onun xatirəsinə hazırlanmış stendin qarşısına gül-çiçək qoyaraq ulu öndərə öz dərin hörmət və ehtiramlarını bildiriblər.

Konfrans dövlət himninin səsləndirilməsi, H.Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Tədbirdə məktəbin əmək kollektivinin üzvləri, kənd içtimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsinin iştirakçıları, əlaçı və yuxarı sinif şagirdləri iştirak ediblər.

Konfransı məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyev açaraq “H.Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda geniş məruzə edib. 

Konfransda tarix müəllimi Ş.Məmmədlinin “H.Əliyev və hüquqi dövlət qurculuğu”, coğrafiya müəllimi A.İsayevanın “H.Əliyev və iqtisadiyyatın inkişafı”, hərbi rəhbər T.Məmmədovun “H.Əliyev və ordu quruculuğu”, direktor müavini N.Süleymanovanın “H.Əliyev və Azərbaycan təhsili”, dil-ədəbiyyat müəllimi A.F.Atakişiyevanın  “H.Əliyev və Azərbaycan dili”, X sinif şagirdi K.Həsənovun “H.Əliyev və Azərbaycan gəncliyi”, IX sinif şagirdi R.Babayevin “İdmanın inkişafında H.Əliyevin rolu” mövzularında çıxışları maraqla dinlənilib. VIII sinif şagirdi N.Kamilova “H.Əliyev Azərbaycanın memarı və qurucusudur” mövzusunda təqdimatla çıxış edib.
 Məruzə və çıxışlar ulu öndərin fəaliyyətini əks etdirən maraqlı slaydlarla müşaiyət olunmuşdur.
Çıxışlarda qeyd olunmuşdur ki, müstəqil dövlət qurmaq, dövlətçilik sütunlarının möhkəmləndirilməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasının müəyyənləşdirilməsi H.Əliyevin xalqımız qarşısında ən böyük xidmətidir. Ümummilli liderin hüquqi və demokratik dövlət quruculuğu xəttinin  bu gün də uğurla davam etdirildiyi xüsusi vurğulanıb.
Konfransda şagirdlər ulu öndərə həsr olunmuş şeirlərdən nümunələr səsləndirmiş, onun ana dili, dövlət quruculuğu, hərbi xidmət, elm və təhsil haqqında müdrik kəlamlarını söyləmişlər. H.Əliyevin dövlət quruculuğu sahəsində fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilib.
Sonda “H.Əliyev ili” çərçivəsində keçirilmiş tədbirlərdə (inşa, rəsm, onlayn şeir müsabiqəsi, bilik və idman yarışları və s.)  fərqlənən şagirdlər fəxri-fərmanlarla təltif olunmuşlar.
Konfransın işini məktəbin direktoru İ.Verdiyev yekunlaşdırıb. 


Xəbər xətti