7 yaşlı Fərid Bakarovun ölümündə şübhəli bilinən sambo üzrə millimizin üzvü Mehman Xəlilovun hansı əsasla məşqçi-müəllim işləməsi müzakirə olunan məqamlardandır.
Bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sambo üzrə müəllimi, Əməkdar məşqçi, yeniyetmə samboçulardan ibarət millimizin baş məşqçisi Yaqub Abdullayev Prosport.az saytına danışıb.
Yaqub Abdullayevin sözlərindən belə aydın olub ki, M.Xəlilov sambo üzrə müəllimlik ixtisasına sahib olmayıb:
“Mən artıq uzun müddətdir ki, İdman Akademiyasında dərs deyirəm. Bildiyim qədəri ilə o, 2012-2016-cı illərdə bizim ali təhsil məktəbində oxuyub. Amma bu müddətdə mən ona sambodan dərs deməmişəm. Onun ali təhsili cüdo üzrə olub. Bu səbəbdən də sambo ilə yanaşı, cüdo üzrə yarışlarda da iştirak edib”.
Qeyd edək ki, Sumqayıt şəhər 1nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov müsahibəsi zamanı Mehman Xəlilovun sambo üzrə müəllimlik etdiyini bildirib.