Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatı dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyinin həyata keçirdiyi “Əlil arabası istifadəçisi olan gənc müharibə veteranlarının “1-ci Şəbəkələşmə Düşərgəsi” yekunlaşıb.
Ucnoqta.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yaradılan düşərgədə Şəki, Qax, Bərdə, Qazax, İmişli rayonlarından, Bakı və Lənkəran şəhərlərindən əlil arabası istifadəçiləri və digər kateqoriyalardan olan gənc müharibə veteranları və onların qəyyumları iştirak ediblər.
Düşərgə əlil arabası istifadəçiləri olan müharibə veteranlarının bir-biri və digər kateqoriyadan olan müharibə veteranları ilə şəbəkələşməsinə fürsət yaradıb. İştirakçılar könüllü olaraq gün ərzində onlar üçün hazırlanmış təlimlərə qatılıblar. Qeyri-formal təhsil yanaşmalarına əsaslanan təlimləri Avropa Şurası Gənclər Departamentinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə icra etdiyi “Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün uzunmüddətli Təlim (TRAYAZE)”də təmsil olunan təlimçilər-Mir Hüseyn Həbibli, Mələk Sultanlı, Fərhad Abdulov, Şahin Qarakişiyev və İlqar Hümbətov, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin karyera məsləhətçisi Lalə Ocaqquliyeva keçiblər.
Təlimlər çərçivəsində Şəki - Zaqatala Regional Kiçik və Orta Biznesin İnkişaf Mərkəzinin direktoru Mübariz Quliyevlə düşərgə iştirakçılarının görüşü təşkil edilib. Çay süfrəsi ətrafında keçirilən görüşdə müharibə veteranları Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin sahibkarlığın inkişafı üçün mövcud olan imkanları haqqında məlumatlandırılıb, iştirakçılara maraqlı olan suallar cavablandırılıb.
Təlimlərdə məqsəd müharibə veteranlarının 21-ci əsrin bacarıqları, habelə ölkədə gənclər üçün mövcud olan fürsətlər haqqında məlumatlılığını artırmaq, onları qeyri-formal təhsil yolu ilə bilik və bacarıqlarını artırmağa təşviq etmək, asudə vaxtlarını səmərəli keçirməyə yardımçı olmaq olub.
Məlumat üçün qeyd edək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” ilə bağlı elan etdiyi xüsusi qrant müsabiqəsinin “Müharibə iştirakçılarının asudə vaxtlarının təşkili təşəbbüsləri” istiqaməti üzrə qalibdir. Layihənin məqsədi əlil arabasının istifadəçiləri olan gənc müharibə veteranlarının asudə vaxtlarının səmərəli təşkilinin inkişaf etdirilməsindən ibarətdir.