Oğuz rayonunun Yaqublu kəndində dünyəvi təhsil müəssisəsinin açılmasının 125 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Oğuz RİH-nin hüquq şöbəsinin müdiri Sənan Əliyev, YAP Oğuz Rayon Komitəsinin sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati-təşkilat sektorunun məsləhətçisi Vəli Əmirli və tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Cavid Məmmədli, “Oğuz yurdu” qəzetinin redaktoru, Azərbaycan Yazıçılar və Jirnalistlər birliklərinin üzvü, yazar Nazim Hüseynli, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev və sektorun əməkdaşları, şahid ailələrinin üzvləri və Qarabağ müharibəsinin iştirakçıları, kənd ziyalıları, içtimai təşkilatların, müəllim və şagird kollektivlərinin nümayəndələri, məktəbin tanınmış məzunları və digər qonaqlar iştirak edirdilər.
Tədbir başlanmamışdan öncə iştirakçılar şəhid məzarlarını ziyarət etmiş, məktəbin adını daşıdığı şəhid T.Babayevin şərəfinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuş, onların xatirəsini yad etmişlər.
Sonra iştirakçılar məktəbin iş şəraiti ilə tanış olmuş, onun tarixini əks etdirən foto və şagirdlərin əl işlərindən ibarət sərgilərə tamaşa etmişlər.
Məktəbin akt zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi, şəhidlərimizin, ümummulli liderimiz H.Əliyevin, vəfat etmiş müəllimlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyev təhsil müəssisəsinin keçdiyi inkişaf yolu, qazandığı uğurlar; dil-ədəbiyyat müəllimi Vəfa Qurbanova məktəbin tanınmış məzunları, tarix müəllimi Şəbnəm Məmmədli şəhid və qazi məzunlarımız barədə ətraflı məlumat vermişlər. Şagird Nuray Kamilova ulu öndərə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” mövzusunda təqdimatla çıxış etmişdir. Bütün çıxışlar maraqlı slaydlarla müşaiyət olunmuşdur.
Məktəbin Qarabağ müharibəsinin iştirakçısı olmuş məzunlarına həsr olunmuş video çarx nümayiş etdirilmişdir.
Tədbirdə şəhid ailələrinin üzvlərindən Havva Babayeva, Güləsər Hüseynova və Elvira Muxtarova, Oğuz RİH-nin hüquq şöbəsinin müdiri Sənan Əliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati-təşkilat sektorunun məsləhətçisi Vəli Əmirli və tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Cavid Məmmədli, YAP Oğuz Rayon Komitəsinin sədri Saleh Məhərrəmov, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, məktəb valideyn komitəsinin sədri Nurlana Hətəmova, veteran müəllimlərdən Akif Davudov və digərləri çıxış edərək öz ürək sözlərini və təbriklərini söyləmişlər.
Tədbir ərzində məktəbin şagirdləri və məzunları ədəbi-bədii kompozisiyalarla çıxış etmiş, mahnılar oxumuş, rəqs etmişlər. Məktəbin keçmiş məzunlarının muxtəlif musiqi alətlərində ifaları dinlənilmişdir.
Daha sonra məktəbin ölkəmizdə, o cümlədən xarici ölkələrdə oxuyan və işləyən məzunlarının və keçmiş müəllimlərinin göndərdikləri təbriklər səsləndirilmişdir.
Tədbirdə Oğuz RİH və Şəki-Zaqatala RTİ-si tərəfindən məktəbin qabaqcıl müəllimlərinin bir hissəsi fəxri fərmanlarla, məktəb rəhbərliyi tərəfindən veteran müəllimlər və müsabiqə, baxış və yarışlarda fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Qonaqlara yubileyl münasibəti ilə xüsusi hazırlanmış bülletenlər, məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İ.Verdiyevin “Yaqublu kəndi və onun məktəbi” kitabları hədiyyə olunmuşdur.
Sonda bütün tədbir iştirakçıları məktəb həmkarlar təşkilatı tərəfindən təşkil olunmuş çay süfrəsinə dəvət olunmuşlar.
İmran Verdiyev
Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi