"Biz istəyirik ki, Qarabağ nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə əhalinin hüquq və təminatlarının məzmunu ilə bağlı danışıqlar başlasın".
Ucnoqta.az xəbər verir ki, bu açıqlamanı Fransanın Avropa və Xarici İşlər naziri Katrin Kolonna erməni mətbuatına verdiyi açıqlamada deyib. Kolonna qeyd edib ki, danışıqlar üçün, o cümlədən Laçın yolu ilə sərbəst gediş-gəlişin bərpası üçün əlverişli şərait yaradılmalıdır.
"Fransa Qarabağın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlayaraq orada təhlükəsiz yaşamağa davam etməsini təmin edəcək istənilən həll yolunu dəstəkləyəcək. Bu onun toxunulmaz hüququdur"- fransalı nazir qeyd edib.
Bu açıqlama isə separatçı ermənilərin qəzəbinə səbəb olub. Onlar sosial şəbəkədə bildiriblər ki, Kolonna bu açıqlaması ilə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və orada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu nəzərdə tutub.
Qeyd edək ki, rəsmi Azərbaycan ölkənin digər vətəndaşları kimi Qarabağda yaşayan ermənilərin də təhlükəsiz yaşayışını, hüquq və təminatlarının qorunacağını və Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bəyan edib.