Regionlarda həssas qruplardan olan şəxslərə hüquq xidməti göstəriləcək

10:25 - 26 Aprel 2023 - ÖLKƏ İÇİ

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayır. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilir.  

Regional İnsan Hüquqları və Media Mərkəzi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsini 10 ay müddətində icra edəcək. Layihənin məqsədi müharibədən zərərçəkən şəxslərə və  hüquqi xidmət almaq imkanı olmayan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərməkdir. Təşkilat layihə çərçivəsində müharibədən zərərçəkən şəxslər, aztəminatlı region sakinlərinin hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərəcək. Benefisiarların aidiyyəti orqanlara müraciətlərinin hazırlanması, dövlət qurumlarına ərizələrin yazılması, məhkəmədə müdafiəsi və digər hüquqi müdafiə tədbirləri ilə onların sosial hüquqlarının bərpasına kömək ediləcək. Həmçinin, benefisiarlar təşkilatın Bərdə rayonundakı ofisində və həmçinin, Ağdam, Tərtər, Ağcabədi, Goranboy və Naftalana səfər edilərlərək ehtyacı olanlara pulsuz hüquqi konsultasiya xidməti göstəriləcək. Bundan əlavə, aztəminatlı şəxslər “Qaynar xətt” (+994702902299) xidməti, “facebook” (https://www.facebook.com/huquqi.yardim.37), “instagram” (https://www.instagram.com/huquqiyardim_pulsuz/) və “WhatsApp” (+994702902299) vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biləcəklər. Bu fəaliyyətlər də region sakinlərinin sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcək.

Bundan başqa vətəndaşları hüquqları ilə bağlı maarifləndirmək üçün onlayn media resursları, “facebook” və “instagram” səhifələri vasitəsilə məlumatlar paylaşılacaq. Layihə müddətində ayda iki video olmaqla, ən çox soruşulan qanun pozuntularının necə həll olunacağına dair hüquqşünas izahatı ilə layihə müddətində 20 video çəkilərək “Youtube” (https://www.youtube.com/@pulsuzhuquqiyardim) səhifəsi vasitəsi ilə paylaşılacaq.

Xəbər xətti