2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrində məktəbə rəhbərlik və nəzarətin həyata keçirilməsi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, sinif komplektlərinin normativ sənədə uyğun təşkili, həmçinin kadr inzibatçılığı, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yoxlamalar zamanı qeyd edilən sahələr üzrə aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəticəsində 18 ümumi təhsil müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub.
Bununla yanaşı, dövlət məktəbəqədər təhsil müəssisələrində də rəhbərlik və nəzarətin həyata keçirilməsi, normativ hüquqi aktların tələblərinə riayət olunması, uşaqların qida təminatı və anbar uçotunun qanunauyğun aparılması, təlim-tərbiyə prosesinin təşkili, işçilərlə əmək münasibətləri tənzimlənən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunması, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yekun olaraq, aşkarlanmış nöqsan və çatışmazlıqlar nəticəsində 14 dövlət məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən azad edilib.