“WhatsApp” tərtibatçıları əvvəllər xidmətin yalnız beta versiyasının istifadəçiləri üçün açıq olan bir neçə fərqli cihazdan eyni vaxtda bir messencer hesabına daxil olmaq imkanını ictimaiyyətə təqdim ediblər.
Ucnoqta.az xəbər verir ki, müvafiq məlumat rəsmi "WhatsApp" bloqunda yer alıb.
Bildirilir ki, indi bir əsas və dörd əlavə cihazda bir "WhatsApp" hesabına daxil ola bilərsiniz. Eyni zamanda, yazışma tarixçəsi bütün cihazlarda sinxronlaşdırılacaq və başdan-başa şifrələmə aktivləşdiriləcək. Əlavə qurğular əsas cihazlardan onunla fərqlənir ki, istifadəçi uzun müddət onlara daxil olmadıqda, onlarda seanslar avtomatik olaraq bitəcək.
WABetaInfo nəşri qeyd edir ki, əvvəlcə bu funksiya bir neçə həftə əvvəl messencerin beta versiyasında peyda olub.
Bir hesabı yenidən daxil etmək üçün əlavə cihazın kamerası ilə əsas smartfonun ekranında açılmış xüsusi QR kodu skan etmək lazımdır. Oxşar avtorizasiya sistemi "WhatsApp"ın veb versiyasında işləyir.
Yeni funksiya həm messencerin iOS versiyasında, həm də Android versiyasında eyni vaxtda əlçatan olub. Onu istifadə etmək üçün App Store və ya Google Play-ə daxil olub marketdən "WhatsApp" yeniləməsini yükləməlisiniz.