Acı holland təcrübəsi - Ekoloqdan həyəcan təbili

10:21 - 25 Aprel 2023 - ÖLKƏ İÇİ

"Kəlbəcər və Laçın dağlarında gözəl və rahat yollar çəkilir. Əvvəllər dağların döşüylə uzun uzadı dolana-dolana gedən təhlükəli yolları indi dərə enişə çay boyunca qısa çəkiblər, qarşıdakı maneələri isə tunellə keçiblər ki, yol mümkün qədər düzxətli və qısa alınsın. Bura kimi hər şey pakizə".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib. Elşad Əsgərovun sözlərinə görə, əvvəllər dolana-dolana gedən mənzərəli çayları isə süni düzxətli daş-beton yatağa yığıblar: 
"Əvvəllər Hollandiya bu acı təcrübəni yaşayıb, böyük ehtimalla bizim də başımıza gələcək. Mən öz gözümlə şahid oldum ki, artıq hollandlar çayları təzədən əvvəlki dolanbac halına qaytarırlar. Çünki dolanbac halında çay yavaş axır, axın boyunca torpağı, çayqırağı meşəni sulayır, təbiət o sudan rahatca bəhrələnir. Amma düzxətli beton yatağa yığılmış çayın mənbəyində yağan yağış qısa müddətdə gurultuyla çayın ayağına çatır. Murovun başında yağış yağsa təbiətə heç bir xeyir vermədən 5 dəqiqəyə Tərtər çayında, ordan da Sərsəng su anbarında olacaq. Murov enişə bir fəsad törətməsə belə (yaqin beton yatağın tutumunu hesablayıblar), Tər-tər dərəsinə o sürətlə gələn su Qamışlı körpüsündə fəsadlar yaradacaq.

Beton yataqdan o suyun torpağa hopması, ətrafda mikroklimat yaratması, meşələrə rütubət verməsi heç mümkün deyil. Balıqlardan heç danışmıram".


Xəbər xətti