"Abonentlərin 82 %-i qaz limitini keçməyib" - “Azəriqaz”

13:34 - 20 Aprel 2023 - ÖLKƏ İÇİ

Bu ilin yanvar-mart ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 2 milyon 062 min 464 abonent, yəni ümumilikdə abonentləin 82,8 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, I rübdə 397 min 870 abonent, yəni ümumi abonentlərin 16 %-i 20 qəpik, 28 min 856 abonent isə (abonentləin 1,2 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.

E. Vəliyev həmçinin bildirib ki, bu ilin yanvar-mart ayları ərzində Respublika ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün illik 5 000 kubmetr limit ayrılıb

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Xəbər xətti