Bakıda avtomobildə mənşəyi məlum olmayan 120 kq ət aşkarlanıb

12:09 - 18 Aprel 2023 - Cəmiyyət

Bakıda avtomobildə mənşəyi məlum olmayan 120 kq ət aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində birgə keçirilən reyd zamanı fiziki şəxs Məmmədov Emin Əliqulu oğluna məxsus 99CE884 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl olunmadan, müvafiq baytarlıq sənədləri olmayan, kəskin qoxuya malik, ümumi çəkisi 120 kiloqrama yaxın sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkar olunub.

Ekspertizasının aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti