Ermənistan Müdafiə Nazirliyi bu gün baş verən atışma nəticəsində ölən hərbçilərinin sayını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralananlar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.
Erməni mənbələri itkilərinin daha çox olduğunu bildiriblər.
Qeyd edək ki, aprel 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Ordusunun sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı alınıb. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun üç hərbçisinin şəhid olduğunu açıqlayıb, yaralananlar var.