Daxili İşlər Nazirliyi Goranboyda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Ucnoqta.az-a açıqlamasında bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.
“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirərək silahlı şəxsi tərk-silah ediblər.
İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları - 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Şəfiqə Əliyeva 2006-cı il təvəllüdlü Asəf Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb.
Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində xəsarət alan bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır.
Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıblar. Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb Mətləb Məmmədovun Asəf Yunisliyinin evinin yaxınlığındakı əkin sahəsində at bağlaması olub. A.Yunisli M.Məmmədovdan atı orada bağlamamasını tələb edib. Buna görə tərəflər arasında mübahisə yaranıb. M.Məmmədov qarşı tərəfə söyüş söyüb, Asəf isə buna cavab olaraq Mətləbi itələyib. Hadisə zamanı Mətləb gözündən xəsarət alaraq evə gedib. Daha sonra isə ailə üzvləri ilə birlikdə A.Yunislinin evinə basqın edib.
09:20
Goranboyda iki ailə arasında dava olub, yaralananlar var.
"Report" xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, 6 aprel 2023-cü il tarixdə saat 18 radələrində Goranboy rayonunun Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Məmmədov Surət Mətləb oğlu qardaşı Məmmədov Samir Mətləb oğlu, anası Əliyeva Şəfiqə Əli qızı və atası Məmmədov Mətləb Soltan oğlu ilə birlikdə Asəf Yunislinin həmin rayonun Börü qəsəbəsində yaşadığı evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi “Sarsılmaz” markalı, M204 STD modelli, üzərində 09Y00184 nömrələri qeyd edilmiş ov silahı ilə 1967-ci il təvəllüdlü Zamanov Elxan Yunus oğluna odlu silahdan 1 (bir) dəfə atəş açaraq həmçinin həmin silahın qundağı və dəyənəklə sonuncu ilə yanaşı, onun ailə üzvləri Yunisli Asəf Elxan oğlu və Zamanova Maniyə Aydın qızını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.
Faktla bağlı Xocalı RPŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.