Tarixin ən yaxşı futbolçularından biri olan Lionel Messi Fransanın PSJ klubundan ayrılmağa yaxındır. Futbolçu ilə klub arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib. Argentinalı yayda hara gedəcək?
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu çox güman ki, 2023-cü ilin yayında PSJ-ni tərk edəcək. Məhz o zaman onun Paris komandası ilə müqaviləsi başa çatır. Avropanın aparıcı mətbuatında yer alan xəbərlərə görə, futbolçu ilə klub arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.
PSJ-də qalmaq üçün argentinalı maaşının əhəmiyyətli dərəcədə - 25% azaldılmasına razılıq verməli olacaq. Fransa klubunun yalnız bu şərtlərlə Messini saxlamağa hazır olduğu qeyd edilir. İndi o, ayda 3,375 milyon avro alır.
Futbolçu da öz növbəsində danışıqlar zamanı PSJ-yə bir neçə şərt qoyub. Messi Çempionlar Liqasında oynamağa və kuboklar uğrunda mübarizəyə davam etmək istəyir.
Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Argentinalı futbolçu bu mövsüm klubun heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
Messinin karyerasını davam etdirmək üçün ehtimal variantları “Barselona”, “İnter” Mayami və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubudur.
"Barselona"
Messinin 2003-2021-ci illərdə oynadığı "Barselona"ya keçidi böyük ehtimaldır. 2022-ci ilin sentyabrında argentinalı "Barselona" prezidenti Xoan Laporta ilə görüşüb və Kataloniya klubuna qayıtmaq variantlarını müzakirə edib.
Daha sonra Messi Laporta ilə söhbətində dekabrda Argentinanın qələbəsi ilə başa çatan Qətərdəki dünya çempionatından sonra İspaniya komandasına qayıtmasını müzakirə etməyə hazır olduğunu bildirib.
Laporta özü futbolçuya marağın qaldığını nümayiş etdirib. Mart ayında ESPN-də o, Messinin Barselonaya qayıtmağa qərar verəcəyi təqdirdə klubun qapılarının açıq olduğunu bildirmişdi.
Həmçinin 2022-ci ilin yayında "Barselona"nın baş məşqçisi Xavi Laportadan argentinalının gələn yay komandaya qaytarılmasını istəyib.
“Real Madrid”in və Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello “Barselona”nı Messinin karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variant hesab edir. “Son vaxtlar Messinin getməsi haqqında oxuyuram. Təəssüf ki, o, Parisdə tarix yaza bilmədi. Onun gələcəyinə isə, "Barselona" ən çox ehtimal olunan seçimdir. Xavi hazırda orada məşqçilik edir, o, Messi ilə dostdur. Düşünürəm ki, onlar Çempionlar Liqasının finalında oynayacaq güclü komanda qura biləcəklər”, - Kapello bildirib.
"Əl-Hilal" (Ər-Riyad, Səudiyyə Ərəbistanı)
Messi ilə Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal" da maraqlanır. Klub PSJ forvardına illik 400 milyon avrodan çox maaşla müqavilə təklif edir.
Amma məşhur insayder Fabrizio Romanonun fikrincə, bu seçim Messi üçün prioritet deyil, çünki o, Çempionlar Liqasında mübarizə aparan Avropa klubunda oynamağa davam etmək istəyir.
“Əl-Hilal” Səudiyyə Ərəbistanının ən titullu klubu, 18 qat ölkə çempionu və 4 dəfə Asiya Çempionlar Liqasının qalibi olub.
"İnter" Mayami
Messi üçün mübarizə aparan ən son klub Mayamidən "İnter"dir. Amerika komandası argentinalıya təklif edib. Həmçinin ABŞ klubu futbolçuya klubda pay təklif etməyə hazırdır.
Lakin argentinalı daha əvvəl "İnter"in təkliflərini rədd etmişdi. 2022-ci ilin noyabrında oyunçunun nümayəndəsi Marselo Mendez bildirmişdi ki, oyunçu ABŞ-dan olan komanda ilə danışıqlar aparmır.
“Bu yalandır, bu yalan xəbərdir. Lionelin gələn mövsüm İnter Mayamiyə keçməsi ilə bağlı heç bir danışıqlar yoxdur”, - Mendez bildirib.
İnter Mayami 2018-ci ildə yaradılıb. Komandanın sahiblərindən biri İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.